Azərbaycan Respublikasının    Dövlət bayrağında:

Mavi rəng — Azərbaycan xalqının türk mənşəli olmasını.

Qırmızı rəng — müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini.

Yaşıl rəng — İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.

 Aypara İslamı və səkkizgüşəli ulduz isə 8 türk obasını simvolizə edir.

Azərbaycan Respublikasının Dövlət Himni:

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!

Musiqisi: Üzeyir Hacıbəyli 
Sözləri: Əhməd Cavad

Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən Şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var.

Biz sizə ecazkar bir diyardan — Azərbaycandan, onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu diyarın qədim sakinlərindən — onun həyatından, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrindən söhbət açmaq istəyirik. Paytaxtı Bakı şəhəri olan Azərbaycan, öz sahəsi və əhalisinə görə Qafqazın həm quru, həm də dəniz sərhədlərinə malik olan ən iri dövlətidir. Azərbaycan şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir.  O cümlədən Türkmənistan, Qazaxıstan, İran və Rusiya ilə dəniz sərhəddinə malikdir.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Cümhuriyyətin ömrü cəmi 2 il çəksə də, Məhəmməd Əmin Rəsulzadə və yoldaşları bu çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirmişlər.
Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Şərqdə ilk dəfə və bəzi Avropa ölkələrindən əvvəl Azərbaycanda qadınlara seçki hüququ verildi. Dövlət bayrağı, himni və gerbi qəbul edildi, ana dili dövlət dili elan olundu.
Cümhuriyyətin bu əvəzsiz fəaliyyəti sayəsində Azərbaycan 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra onun bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısı alındı.
1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşarkən özünü Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi və qədim dövlətçilik ənənələrinə sadiq qaldı və Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri bərpa edildi.
Xalqın iradəsi ilə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başladı. Hakimiyyət uğrunda daxili çəkişmələr, iqtisadiyyatın çökməsi ölkəni xeyli zəiflətdi. Yalnız 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan inkişaf dövrünə qədəm qoydu. Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycan tarixinə dərin islahatlar dövrü kimi daxil oldu.
2003-cü ildən isə ümummilli lider Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Son illər respublikamızda turizm sahəsində dövlət tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülüb və görülməkdədir.

copyright © 2018 beetravel.az